Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan-la Suriyada koordinasiya məsələsini müzakirə edib. Kremlin məlumatına görə, onlar iki ölkənin Suriyadakı hərbi və təhlükəsizlik xidmətləri arasında koordinasiyanı möhkəmləndirməyə razılaşıblar.
Fevralın 8-də telefonla danışan Putin və Erdogan Rusiya, Türkiyə və İranın Suriyada yeni kontaktları üçün perspektivləri də götür-qoy ediblər.
Kremlin sözçüsü Dmitry Peskov deyib ki, üç ölkə liderinin mümkün sammitinə də toxunulub, amma tarix razılaşdırılmayıb. Məlumatı RIA xəbər agentliyi yayıb.
RIA-nın bildirməsinə görə, liderlər Suriyanın Afrin və İdlib bölgələrindəki durumu da müzakirə ediblər.