Almaniyada koalision hökumət barədə razılıq əldə olundu

Angela Merkel və Martin Schulz

Uzun müddətdən sonra Almaniyada koalision hökumət barədə razılıq əldə edildi.

Kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat və Xristian-Sosialist ittifaqı bloku sosial demokratlarla koalision hökumət yaratmaq razılığına gəliblər.

Bu barədə fevralın 7-də BBC məlumat yayıb.

Məlumatı ilk olaraq Xristian-Sosialist İttifaqı partiyasının liderlərindən biri Aleksandr Dobrindt təsdiqləyib.

Almaniyada keçirilən seçkilərdə indiki kansler Angela Merkelin partiyası qalib gəlsə də bu təkbaşına hökumət qurmağa bəs etmirdı.

Seçkidən 4 ay ötməsinə baxmayaraq partiya digər siyasi qüvvələrlə koalision hökumət yarada bilmirdi.

Xristian-Demokrat və Xristian-Sosialist İttifaqı bloku bundan əvvəl yaşıllar və azad demokratlarla razılığa gələ bilməyəndə, müxalifətə keçən sosial-demokratlar koalision hökumət yaradılması ilə bağlı danışıqlara razılıq verdi.

Məlumata görə, xarici işlər nazirliyi də daxil olmaqla 6 nazir postu sosial-demokratlara verilə bilər.

Almaniya mətbuatı yazır ki, partiya lideri və Avropa Parlamentinin keçmiş prezidenti Martin Schulz xarici işlər nqaziri ola bilər.

Amma razılaşma səsvermədə Sosial-Demokrat partiyasının üzvləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər.

Məlumata görə, səsvermədən sonra partiya daxilində parçalanma da ola bilər.

Çünki partiyanın gənc üzvlərinin əksəriyyəti “böyük koalisiya”ya qarşıdırlar.