Vergilər Nazirliyində yeniliklər olacağı deyilir

Vergilər Nazirliyində iclas

Vergilər Nazirliyinin vergi siyasəti və vergi inzibatçılığında kompleks dəyişikliklər planlaşdırdığı bildirilir. Bununla bağlı gələn həftə dövlət qurumları, şirkətlər, sahibkarlar, ictimai birliklər, deputatlar, ekspertlər və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə konfrans keçirilməlidir.

Nazirliyin Media və Kommunikasiya Mərkəzinin fevralın 5-də yaydığı məlumatda belə bildirilir.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər və sahibkarlarla qurulacaq iş prinsipləri ilə bağlı müzakirələr aparılmalıdır.

Ötən il dekabrın 5-də Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib. Onun yerinə keçmiş təhsil naziri Mikayıl Cabbarov təyin olunub.