Kreditləşmə təxminən 5 milyard manat azalıb

Azərbaycab manatı

2017-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən bütün bankların cəmi aktivləri 27,921.0 mln. manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı bank sektorunun icmal göstəricilərində belə bildirilir.

Bankların cəmi öhdəlikləri isə 24,211.8 mln. manat olub.

Məlumata görə, bank sektorunun balans kapitalı 3,709.2 mln. manatdır. Ancaq əhalinin əmanətləri daha çox, 7,542.5 mln. manat təşkil edib.

Ötən il bankların öhdəliklərinin azaldığı bildirilir.

Palata açıqladığı göstəricilərə görə, ötən il dekabrın 31-nə bankların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi 507,6 mln. manat olub.

Noyabr ayının sonu ilə müqayisədə öhdəliklər dekabrda 41 milyon manat azalıb.

2017-ci il ərzində bankların AMB qarşısında öhdəklərinin ümumilikdə 1 mlrd. 187 mln. manat azaldığı bildirilir.

Ötən il həm də banklar kreditləşməni azaldıblar. Azalmanın 5 milyard manata yaxın olduğu açıqlanıb.

Ötən ilin dekabrın 31-nə olan göstəricilərə görə, bankların verdiyi kreditlərin ümumi məbləği 11 milyard 337 milyon manat təşkil edib.

Kreditləşmə təkcə dekabrda 442,6 milyon, son bir il ərzində isə 4 mlrd. 600 milyon manatdan artıq azalıb.

Bank sektorunda çalışanların sayında da nəzərəçarpan azalma olduğu bildidilir. Bu il yanvarın 1-nə bank sektorunun işçilərinin ümumi sayı 16 min 171 nəfər olub.

2017-ci il il yanvarın 1-də bank sektorunda 16 min 947 nəfər çalışırdı.