Özbəkistanın mərhum prezidenti Islam Karimov-un kiçik qızı fevralın 2-də bildirib ki, ölkənin UNESCO-dakı səfiri postundan istefa verir. O, niyyətini beş ay öncə açıqlamışdı.
“Bu gün mənim Özbəkistanın UNESCO-da səfiri postunda son iş günümdür”, – Lola Karimova-Tillyaeva fevralın 2-də sosial media hesablarında yazıb. O, “mədəniyyət, təhsil, elm və ətraf mühit sahələrində layihələr”lə bağlı işini davam etdirəcəyini bildirib.
Karimova-Tillyaeva onu da qeyd edib ki, 2002-ci ildə yaratdığı uşaq xeyriyyə təşkilatı vasitəsiylə əngəlli uşaqlara kömək kimi “humanitar işi davam etdirəcək”.
39 yaşlı Karimova-Tillyaeva avqustda deyirdi ki, UNESCO-da səfir postundan getməyi planlaşdırır. O, “ailəsinə və Islam Karimov fondunun proqramlarına diqqət ayırmaq” istədiyini bildirmişdi.
Karimov Özbəkistanı 27 il idarə edib. Onun ölümü 2016-cı il sentyabrın 2-də açıqlanıb.
Mərhum prezidentin böyük qızı Gulnara Karimova hazırda həbsdədir. Hakimiyyət onun “hərəkət azadlığı”nın beş il müddətinə məhdudlaşdırıldığını, pul qoparma, mənimsəmə və vergidən yayınmada təqsirli bilindiyini bəyan edib.