Müdafiə naziri ATƏT sədrinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Müdafiə Nazirliyi

Bu gün, fevralın 2-də Azərbaycan müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan qoşunları üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə birgə ötən ayın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşündə qoşunların təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılıq əldə edildiyi bildirilir.