Almaniyanın əsas siyasi partiyalarının liderləri deyirlər ki, “böyük koalisiya” razılaşmasının yekunlaşdırılmasıyla bağlı nikbindirlər.
Kansler Angela Merkel-in mühafizəkar Xristian Demokratları (CDU), onların Bavariyadakı qardaş partiyası olan Xristian Sosial Birliyinin (CSU) və sol yönümlü Sosial Demokratların (SPD) təmsilçiləri fevralın 2-də ayrı-ayrılıqda görüşəcəklər, həftəsonu isə danışıqların yekun raundu keçirilməlidir.
Partiyalar koalisiyayla bağlı razılaşma əldə etməkdən ötrü öz aralarında fevralın 4-nü son tarix qoyublar.
CSU-dan Andreas Scheuer deyib ki, hələ yoluna qoyulası əngəllərə baxmayaraq, o nikbindir.
“Almaniyada yeni dinamikanı başlatmaq istəyirik”, – Scheuer deyib.
Onun sözlərinə görə, son tarix qoyulmasına baxmayaraq, yüksək səviyyəli danışıqlar fevralın 5-də və ya 6-da davam edəcək. Tərəflərin səhiyyə və işsizlik məsələlərindəki fikir ayrılıqlarını həll etməyə çalışdıqları bildirilir.