İlham Əliyev: 'Söz vermişdim ki, regionlarda inkişaf sürətlə gedəcək...'

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda.

“Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.

Prezident İlham Əliyev “Azərbaycanda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı bu gün, yanvarın 29-da keçirilən konfransdakı çıxışında belə deyib.

Ölkə başçısı bildirib ki, bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

Onun sözlərinə görə, ölkədə təhlükəsizlik, sabitlik təmin edilir. Bunun mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.

“Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf da olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”, – prezident deyib.

Şəhərlər qazla 100 faiz təmin edilib

Ölkə başçısı Azərbaycanda son illərdə görülən işlər haqda danışıb. Onun sözlərinə görə, geridə qalan 14 il ərzində 30 elektrik stansiyası tikilib, onların generasiya gücü 2500 meqavata bərabərdir.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

“...Əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq”, – deyən ölkə başçısı qazlaşdırma sahəsində böyük nailiyyətlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz olub, bölgələrdə demək olar ki, qaz olmayıb.

“Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib”, – deyən prezident 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminatın 26 faiz olduğunu, hazırda bu göstəricinin 67 faizə çatdırıldığını vurğulayıb.

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

Yol infrastrukturundan bəhs edən ölkə başçısının sözlərinə görə, son 14 il ərzində (İlham Əliyev 14 il əvvəl hakimiyyətə gəlib – red) 12 min 300 kilometr yol çəkilib. Bu il bu rəqəmin təqribən 15 min kilometrə çatacağı planlaşdırılır.

“Rekord göstərici...”

İ.Əliyev ölkə iqtisadiyyatının 14 il ərzində 3,2 dəfə artdığını, bunun dünya miqyasında rekord göstərici olduğunu vurğulayıb.

"Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. ...Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq”, – deyən İ.Əliyevin sözlərinə görə, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

Buna da bax:​ Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'

On dörd il ərzində ölkə iqtisadiyyatına yatırılan sərmayələrdən bəhs edən prezident bu məbləğin 231 milyard dollar təşkil etdiyini, təkcə keçən il ölkəyə 14,6 milyard dollar sərmayə qoyulduğunu qeyd edib.

1.9 milyon iş yeri...

İ.Əliyev 14 il ərzində ölkədə 1,9 milyon iş yerinin yaradıldığını, onlardan 1,4 milyonunun daimi olduğunu qeyd edib.

Prezident işsizlik və yoxsulluqla bağlı problemin olmadığını ifadə edib.

"Bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir. Bax, budur, bizim əsas iqtisadi göstəricilərimiz", – prezident vurğulayıb.

14 il ərzində maaşların beş dəfədən, pensiyalarınsa səkkiz dəfədən çox artdığını vurğulayan prezident 3100-dən çox məktəbin, 642 tibb müəssisəsinin, 43 Olimpiya İdman Kompleksinin tikilməsindən bəhs edib.

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

"ASAN Xidmət" mərkəzlərinin yaradılmasını ictimai xidmətlər sahəsində inqilabi dönüş sayan prezident ölkədə rüşvətxorluq, korrupsiya və bürokratiyaya ilə çox ciddi mübarizə aparıldığını da ifadə edib.

Xatırlatma

Buna qədər Azərbaycanda regionların inkişafına dair iki dövlət proqramı həyata keçirilib. Bunlar 2004-2008 və 2009-2013-cü il dövlət proqramlarıdır.