Şimali Koreya Rusiya limanları vasitəsiylə Yaponiya və Cənubi Koreyaya kömür ixrac edib və bununla da BMT sanksiyalarını pozub. Məlumatı Reuters yayıb.
Agentlik yanvarın 25-də Qərbi Avropanın üç kəşfiyyat mənbəyinə istinad edib.
BMT-nin Təhlükəsizlik Şurası avqustda Şimali Koreyadan kömür ixracını yasaqlayıb. Bu addım Pxenyanın mövcud sanksiyaları pozaraq ballistik raket sınaqlarına cavab olaraq atılıb.
Ancaq Reuters mənbələrə istinadla bildirir ki, Şimali Koreya o vaxtdan bəri azı üç dəfə Rusiyanın Naxodka və Xolmsk limanlarına kömür göndərib. Ordansa kömürün Cənubi Koreya və Yaponiyaya gedən gəmilərə yükləndiyini qeyd edilir.
ABŞ-da bir təhlükəsizlik mənbəyi agentliyə Şimali Koreyanın Rusiya ərazisindən kömür ticarətinin indi də davam etdiyini təsdiqləyib.
Rusiyanın BMT-dəki missiyası noyabrda Təhlükəsizlik Şurasını əmin edirdi ki, Moskva sanksiyalara əməl edir.
Rusiyalı deputatlarsa Reuters-in yazdığını tənqid edib, bunu Moskvaya qarşı “konspirasiya nəzəriyyəsi”, “informasiya müharibəsi” adlandırıblar.