“The New York Times” xəbər verir ki, ABŞ prezidenti Donald Trump xüsusi müşavir Robert Mueller-in işdən kənarlaşdırılmasına iyunda qərar veribmiş, ancaq Ağ evdəki müşaviri istefa verməklə hədələyəndən sonra qərarını geri götürüb.
The Times yanvarın 25-də məsələylə tanış dörd nəfərə istinadla bu haqda yazıb.
Qəzet Ağ evdən münasibət ala bilmədiyini də qeyd edir.
Qəzetin yazdığına görə, Trump Mueller-in işdən kənarlaşdırılması əmrini verib, amma Ağ evin müşaviri Donald McGahn bu əmrin icrasındansa özü istefa verəcəyini deyib.
ABŞ kəşfiyyat agentlikləri Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxiləyə cəhd göstərməsi qənaətinə gəliblər.
Hazırda bu məsələni Mueller və Konqresin üç ayrı-ayrı komitəsi araşdırır.
Trump seçki kampaniyasının Moskvayla heç bir əməkdaşlığa getmədiyini deyir. Rusiya da müdaxilə iddialarını danır.