AZAL-ın fevral ayında bir sıra Avropa istiqamətlərində uçuşları dayandıracağı bildirilir. Şirkətin birbaşa reysləri ilə Berlinə, Parisə, Milana uçan sərnişinlərin fevralda digər aviaşirkətlərin xidmətlərindən istifadə etməli olacaqları gözlənilir.
«Turan» agentliyinin xəbərinə görə, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, bunun səbəbi reyslərin dolmamasıdır.
«Sərnişindaşımaları sahəsində fevral ən passiv mövsüm hesab olunur və bu dövrdə müxtəlif istiqamətlərdə reyslərin həyata keçirilməməsi təcrübəsini bir çox aviaşirkətlər tətbiq edirlər. Əvvəlki illərdə də bu qərarı tətbiq etmişik», -deyə P.Kəsəmənski bildirib.
Sözügedən istiqamətlərdə reyslər martda bərpa olunmalıdır.