Cənubi Koreyadan nümayəndə heyəti Pxenyanda səfərdədir, gələn ay Pxençan şəhərində Qış Olimpiya oyunlarına hazırlıq üçün iki ölkənin birgə tədbirlərini müzakirə edirlər.
Yanvarın 23-də başlanmış səfər tərəflər arasında istiləşmənin daha bir əlamətidir. Ötən həftə Şimali Koreyanın populyar qızlar ansamblı Cənuba iki günlük səfəri zamanı coşquyla qarşılanıb, oyunlar zamanı çıxış üçün yerlərə baxıb.
Beynəlxalq Olimpiya Komitəsinin razılığıyla iki Koreyanın qadın xokkey klubları tədbirə birgə qatılacaq. Atletlərsə fevralın 9-da açılış mərasiminə vahid bayraq altında çıxacaq.
Cənubi Koreyanın nümayəndə heyəti yanvarın 25-də ölkəsinə qayıtmalıdır.