DTX xaricə milyonlar çıxaranları saxladığını bildirir

Dollar

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yanvarın 15-dən 18-nə kimi valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı ilə bağlı davam edən cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri keçirib.

Bu barədə DTX ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Xəbərdə vurğulanır ki, nəticədə «qara bazar» adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb:

«Müəyyən edilib ki, qeyd olunan şəxslər 2017-ci il ərzində Azərbaycanın gömrük nəzarətindən gizli, hissə-hissə ümumilikdə 80 milyon 731 min 282 ABŞ dolları, 5 milyard 270 milyon 227 min 972 Rusiya rublu və 248 min 915 avro məbləğində xarici valyutanı nağd formada ölkədən çıxarıblar».

Məlumatda qeyd edilir ki, Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci, ( qaçaqmalçılıq) 192.2-ci (qanunsuz sahibkarlıq) və digər maddələri ilə istintaq aparılır.

«Azərbaycan vətəndaşları Aqil Kamandar oğlu Məmmədov, Mustafa Abuzər oğlu Mustafayev, Vüqar Ədalət oğlu Babayev, Gürcüstan vətəndaşı Mamed Həşim oğlu İzmailov və digərləri saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir», - məlumatda vurğulanır.

Bu açıqlamaya hələlik adıçəkilən şəxslərin və onların vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb. Onların ittihamlarla razılaşıb-razılaşmadıqları açıqlanmır.