Theresa May Avropa Birliyində qalmaq təklifini rədd elədi

Theresa May və Jean-Claude Juncker

Böyük Britaniyanın baş naziri Theresa May Avropa Birliyindən çıxmamaq təklifi rədd edib.

Baş nazir yanvarın 20-də Almaniyanın “Bild” qəzetində dərc edilmiş müsahibəsində deyib ki, bu məsələ ilə bağlı ikinci referendum olmayacaq.

O qeyd edib ki, ölkə parlamenti vətəndaşlara seçim etməyi təklif edib, onlarsa bu seçimi ediblər.

Amma Theresa May deyib ki, London müdafiə, təhlükəsizlik və digər sahələrdə Avropa ilə əməkdaşlığı davab edəcək.

“Biz Avropa Birliyini tərk edirik, Avropanı yox”, baş nazir vurğulayıb.

Avropa Şurasının sədri Donald Tusk və Avropa Komisiyasının sədri Jean-Claude Juncker bundan əvvəl Böyük Britaniyaya Avropa Birliyindən çıxmamağı təklif eləmişdilər.

Juncker yanvarın 16-da deyib ki, əgər Britaniya hökuməti mövqeini dəyişməsə, “Brekzit” 2019-cu ildə qüvvəyə minəcək və bunun mənfi nəticələri olacaq.