Qazaxıstanın şimal-qərbindəki Aqtobe regionunda “avtobusun yanması nəticəsində” azı 52 nəfərin həlak olduğu bildirilir.
Regionun Fövqəladə Hallar Departamentinin rəhbəri Aqtilek Kenes yanvarın 18-də jurnalistlərə deyib ki, ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.
Onun sözlərinə görə, avtobusdan salamat çıxmış beş nəfər də özbəkistanlıdır.
Rəsmilər avtobusun Qalibay kəndinin 10 kilometrliyində, Rusiyanın Samara şəhəriylə Qazaxıstanın cənubundakı Şimkent şəhərini birləşdirən magistral yolda alışdığını bildirirlir.
Hadisə yerində polis, xilasedicilər, psixoloqlar işləyir.
Rəsmi məlumata görə, Macarıstan istehsalı olan “Ikarus” sərnişin avtobusunun alışmasının səbəbləri araşdırılır.
1960-80-ci illərdə “Ikarus” Sovet İttifaqı və Şərq blokuna avtobusların əsas təchizatçısı olub.