XİN: 'Qondarma rejim təmsilçiləri Fransaya buraxılmamalıdır'

Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 17-də Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lomuen ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyətini müzakirə edib.

Bu haqda Xarici İşlər Nazirliyinin (XİN) press-relizində bildirilir.

XİN-nin bildirməsinə görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildirdilər. İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsindən ötrü geniş potensialın mövcudluğunu qeyd etdilər.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib, yanvarın 18-də ermənistanlı həmkarı ilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşəcəyini bildirib.

Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinin tanınmayan təmsilçiləri ilə qanunsuz əlaqələr yaratması da görüşdə müzakirə mövzusu olub. Xəbərə görə, E.Məmmədyarov bildirib ki, qondarma rejim təmsilçilərinin Fransa ərazisinə daxil olması kimi halların qarşısını Fransanın mərkəzi hökuməti almalıdır.

Azərbaycan-Avropa Birliyi ilə münasibətlərinə də toxunan nazir E.Məmmədyarov strateji tərəfdaşlıq sənədi üzərində iş getdiyini qeyd edib.

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişləri də imzalanıb.

E.Məmmədyarov yanvarın 16-da Fransaya səfər edib. İşgüzar məzmun daşıyan səfər iki gün davam edəcək. Səfərinin ilk günündə o, fransalı həmkarı ilə görüşmüşdü. Onun UNESCO-nun rəhbərliyi ilə də görüşü olmalıdır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.