2018 'Azərbaycan Xalq Cümhuriyyəti ili' elan edilib

Nazirlər Kabinetinin iclası

Prezident İlham Əliyev 2018-ci ili ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İ.Əliyev il ərzində bununla əlaqədar həm ölkədə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə mövcud olub. Rusiyanın XI Qızıl Ordusunun Azərbaycanı işğal etməsi ilə süqut edib.

İlham Əliyev Nazirlər Kabinetinin iclasını çağırdı

Bu gün, yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı iclasda giriş nitqi söyləyib.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış etdilər.

Daha sonra İlham Əliyev iclasda yekun nitqi söyləyib.

Çıxışların detalları, hələlik, açıqlanmır.