FHN: Axtarış-xilasetmə işləri çətinləşib

Sizin brauzer HTML5-i dəstəkləmir

İtkin düşən 3 alpinisti tapmaq mümkün olmur

Tufandağa yürüşə gedən və itkin düşən alpinistlərin axtarışları yanvarın 4-də də davam edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanvarın 4-də gecə saatlarında yaydığı məlumatda belə bildirilir.

Məlumata görə, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələr, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülər iştirak edib.

Axtarışlara xüsusi təlim keçmiş itlərin də cəlb olunduğu vurğulanır:

«Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1.5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir».

Məlumatda vurğulanır ki, göstərilən səbəb üzündən hadisə ərazisinə ağır texnika cəlb etmək mümkün deyil.

Nazirlik bildirir ki, yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.

Xatırlatma

«Giləvar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, alpinistlərin itkin düşmələri barədə məlumat onlara dekabrın 26-sı axşam daxil olub. Dekabrın 27-dən alpinistlərin axtarışına başlanıb.