Türkiyə Nyu York federal məhkəməsinin Halkbank rəsmisini İrana ABŞ sanksiyalarından yayınmağa kömək etməkdə təqsirli bilməsini pisləyib, bunu “hüquqi biabırçılıq” adlandırıb.
“Halkbank-ın baş menecer müavini Mehmet Hakan Atilla-nın təqsirli bilinməsi ədalətsiz və təəssüf doğuran haldır”, – Türkiyənin Xarici İşlər Nazirliyi yanvarın 4-də yaydığı bəyanatda bildirib.
“ABŞ məhkəməsi, saxta “dəlil” əsasında apardığı proseslə Türkiyənin daxili işlərinə görünməmiş müdaxilə edib”, – bəyanatda deyilir.
Yanvarın 3-də jüri Türkiyənin dövlətə məxsus Halkbank-ının rəhbəri Atilla-nı dələduzluq və cinayətə qəsddə təqsirli bilib, ancaq çirkli pulyuma ittihamı üzrə təqsiri sübuta yetirilməyib.
Vəkili Atilla-nın appellyasiya şikayəti verəcəyini bildirib.
Halkbank da yerli və beynəlxalq tranzaksiyalarda heç bir yanlışa yol vermədiyini deyir.
Türkiyə baş nazirinin müavini Bekir Bozdag-ın yanvarın 4-də deməsinə görə, Atilla-nın təqsirli bilinməsi ABŞ-la münasibətlərə böyük ziyan vurub və gələcək əməkdaşlığa mənfi təsir göstərə bilər.