Cinsi qısnamayla mübarizə hərəkatı yaradılıb

Harvey Weinstein

ABŞ-da 300-dək tanınmış şəxs – teatr və kino aktrisaları, kino sənayesi və televiziya əməkdaşları "Time's Up" (“Vaxtı ötüb”) hərəkatını təsis ediblər. Məqsəd cinsi zorakılıq və ayrıseçkiliklə mübarizə aparmaqdır.

Kampaniyaya qoşulmuş ulduzlar arasında Ashley Judd, Gwyneth Paltrow, Kate Beckinsale, Salma Hayek, Natalie Portman, America Ferrera, Amy Schumer, Halle Berry, Julianne Moore, Keira Knightley, Nicole Kidman, Penelope Cruz, Reese Witherspoon, Scarlett Johansson, Susan Sarandon, Uma Thurman, Viola Davis və digərləri var.

Yanvarın 1-də onlar “The New York Times” qəzetində yerləşdirdikləri müraciətdə özlərinə dəstək və yaratdıqları fonda ianə edilməsinə çağırıblar. Həmin fond seksual hərəkətlərə məruz qalmış şəxslərə hüquqi dəstək göstərəcək. Təşkilatçılar artıq 13 milyon dollardan çox vəsait toplayıblar.

Layihə təsisçiləri həmçinin gender bərabərsizliyi problemini həll etməyə, daha çox qadının nüfuzlu mövqe tutmasına, kişilərlə bərabər maaş almasına çağırırlar.

Son aylar ABŞ-dakı cinsi qısnamayla bağlı xeyli sayda qalmaqal yaşanıb. İlk öncə Hollivud prodüseri Harvey Weinstein-ə qarşı belə iddialar səsləndirilib.