Fələstin Vaşinqtondakı səfiri geri çağırır

Fələstin, arxiv fotosu

Fələstin rəsmiləri Vaşinqtondakı səfiri geri çağırdıqlarını bildiriblər. Məqsəd Birləşmiş Ştatlarla gələcək münasibətləri müzakirə etməkdir.

Bu qərar dekabrın 31-də açıqlanıb. Ayın əvvəlində isə ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Fələstinin rəsmi WAFA xbər agentliyinin məlumatına görə, xarici işlər naziri Riad al-Malki səfir Husam Zomlot-u məsləhətləşmələr üçün çağırıb.

Nazir bildirib ki, müzakirələrdən sonra səfir “normal işinə” qayıdacaq.

Dekabrın 6-da Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı hesab etdiklərindən bu qərar onları qəzəbləndirib.

İsrail Qüdsün şərqini ilhaq etsə də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.