Dekabrın 30-da beynəlxalq kibercinayətkar qrupun üzvü olmaqda günahlandırılan xarici ölkə vətəndaşı Sergey Aksentiyevich Petrovich beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanaraq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti ( DTX) məlumat yayıb.
Məlumatda bildirilir ki,mütəşəkkil kibercinayətkar qrupun Azərbaycan banklarının kompyuter sisteminə qanunsuz müdaxilə etməsi, pul vəsaitlərinin köçürülməsi və bankomatlardan təmassız pul çıxarılması ilə bağlı cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
DTX-da açılan cinayət işində söhbət ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanmasından gedir.
“Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Sergey Petrovich dekabrın 30-da Azərbaycana ekstradisiya edilib
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına müəyyən edilən faktlarla bağlı zəruri hüquqi yardım göstərilir”, -deyə məlumatda vurğulanır.
İttihamlara Sergey Aksentiyevich Petrovich və ya onun vəkilinin münasibəti açıqlanmır.Onun hansı ölkədə saxlandığını və ilkin məhkəmədə hansı ifadə verdiyini, hələlik, öyrənmək mümkün olmayıb.