Dekabrın 28-də axşam Nyu York şəhərinin Bronks rayonunda yaşayış binası yanıb. Bir körpə daxil olmaqla azı 12 nəfər həlak olub, dörd nəfər ağır durumdadır.
“Bu, son illərin ən çox ölümlə nəticələnmiş yanğını hesab olunacaq”, – Nyu Yorkun meri Bill de Blasio jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu, azı son 25 ildə şəhərdə baş vermiş ən pis yanğındır.
Rəsmilər deyirlər ki, yanğın birinci mərtəbədən başlayıb, sürətlə üçüncü mərtəbəyə yayılıb. Səbəb bəlli deyil.
ABŞ mediası yazır ki, ölənlərdən ikisi suyla dolu hamam vannasında aşkarlanıb, görünür, yanğından qorunmağa çalışıblar.
Mer ölü sayının artacağını istisna etməyib.