Qeydiyyata alınan dini icmaların sayı 800-ə yaxınlaşır

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi

Bu gün, dekabrın 22-si yeni qeydiyyatdan keçən daha 9 dini icmaya şəhadətnamələr təqdim edilib.

Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, təqdimat mərasimində komitə sədrinin birinci müavini Siyavuş Heydərov dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında və doğru maarifləndirilməsində böyük rola malik olduğunu bildirib.

O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb. Eyni zamanda yeni qeydiyyata alınan dini icma sədrlərinə milli-mənəvi dəyərləri daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.

Buna da bax: Azərbaycanda dindarlıq rəsmi peşəyəmi çevrilir? [video]

Yeni qeydiyyata alınan dini icmalar Sumqayıt şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşirlər.

Xatırlatma

Ölkədə dini icmaların təkrar qeydə alınması 2009-cu ildən başlayıb.

O vaxtdan son rəqəmə qədər 784 dini icma qeydiyyata alınmışdı.

Müsəlman dini icmalardan əlavə Azərbaycanda 17 xristian, 8 yəhudi, 2 bəhai və 1 krişna şüuru icması qeydiyyatdan keçib.

Ancaq bu illər ərzində bəzi dini icmalar müraciətlər etsələr də qeydiyyatdan keçməyiblər. Həmin dini icmalar bunu ayrı-seçkilik, komitə isə sənədlərin qaydada olmaması ilə izah edib. Qeydiyyatla bağlı şikayətlənən həm müsəlman, həm də başqa dinə mənsub icma var.

ABŞ Dövlət Departamentinin din azadlığı haqqında hesabatlarında da bir neçə dəfə qeydiyyat məsələsinə toxunulub. Hesabat müəlliflərinin gəldiyi nəticəyə görə, Azərbaycanda dini icmaların qeydiyyat prosesi çətindir. Bu proses xeyli mürəkkəbləşdirilib. Ancaq komitə rəsmiləri bu fikirlə razı deyillər.