Prezident Mövlud Çavuşoğlunu qəbul edib

Mövlud Çavuşoğlu

Bu gün, dekabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri ən yüksək səviyyədədir.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına toxunan tərəflər bunu təkcə regional deyil, beynəlxalq səviyyəli mühüm tədbir kimi dəyərləndiriblər.

Dünən, dekabrın 19-da isə prezident İ.Əliyev Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi.

Dekabrın 20-də prezidentin qəbulundan sonra Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün başlandığı bildirilir. Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyi deyilir. Bu formatda birinci görüş İranda, ikinci görüş Azərbaycanda, üçüncü görüş Türkiyədə keçirilib. Dördüncü görüş isə yenə də İranda gerçəkləşib.

Dekabrın 20-də səhər saatlarında nazirlərin ikitərəfli görüşləri də keçirilib. Bu görüşlərdə isə ikitərəfli əməkdaşlıq məsələlərindən bəhs edilib.