Vəkili: ‘Cəbhəçi bloqqerin şikayətinə baxış yubadılır’

AXCP üzvü Namiq Sadıqlı

Həbsdəki Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvi, bloqqer Namiq Sadıqlının apellyasiya şikayətinə baxışın yubandığı deyilir.

Bu haqda bloqqerin vəkili Əsabəli Mustafayev bildirib.

Vəkil vurğulayıb ki, bloqqerin həbsindən 18 gün ötüb.

“Apellyasiya şikayəti verməyimdən isə 12 gün keçib. 1-2 günə baxılmalı olan şikayətə indiyə qədər baxılmayıb, hər hansı xəbər yoxdur”, – deyən vəkil bir neçə gün əvvəl bunu ictimailəşdirməsinin də faydasının olmadığını bildirib.

Ə.Mustafayev bu gün, dekabrın 18-i Ombudsman Aparatına rəsmi məktub göndərib.

Buna da bax: Cəbhəçiyə 30 sutka həbs verildiyi deyilir

“Ombudsmandan şikayətin baxılmasının təmin edilməsinə, həm də bloqqerin saxlanma şəraitinin araşdırılması və onun səhhətindəki problemlərin aradan qaldırılmasına kömək etməsini xahiş etmişəm”, - vəkil bildirib.

Vəkilin bu açıqlamasına məhkəmə orqanlarından və Ombudsman Aparatından, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AXCP fəalı, bloqqer N.Sadıqlı dekabrın 1-də həbs olunub.

Nəsimi Rayon Məhkəməsi onu polisin qanuni tələblərinə tabe olmamaqda (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) günahkar bilib. Cəbhəçiyə 30 gün müddətinə inzibati həbs cəzası verilib.

Vəkili ötən həftə sonu açıqlamışdı ki, Namiq Sadıqlının səhhətində kəskin şəkildə pisləşmə qeydə alınıb.

“Son günlər ona dörd dəfə «təcili yardım» çağırılıb və bir dəfə hətta şəhər klinik mərkəzinə aparılıb. Həkimlər onu deməsinə görə, xəstəxanada saxlamaq istəyiblər, amma hüquq-mühafizə orqanlarının nümayəndələri buna icazə verməyiblər və o, təcridxanada müalicə alır. N.Sadıqlı soyuqdəymədən, güclü daxili ağrılardan şikayət edirdi”, - Ə.Mustafayev bildirmişdi.

Vəkilin açıqlamasına təcridxana rəhbərliyindən də, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.

AXCP N.Sadıqlının siyasi motivlərlə təqib edildiyini açıqlayıb. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi əsaslarla həbslərin olduğunu inkar edir. Onlar bəyan ediblər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə alınıblar.