Bir mənzili bir neçə nəfərə satanların saxlandığı bildirilir

Arxiv fotosu

Bakıda iki tikinti şirkətinin rəhbər şəxslərinin həbs edildiyi bildirilir.

Bu haqda Baş Prokurorluğun açıqlamasında yazılır.

Prokurorluq bildirir ki, “Yeni Yasamal” mənzil-tikinti kooperativinin (MTK) və “Yüksəliş-C” məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxslərinin əməlləri barədə vətəndaşlardan müraciətlər daxil olub. Həmin müraciətlər əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

İddiaya görə, istintaq zamanı bəlli olub ki, “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışov Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə satıb. C.Alışovun bunu onun səlahiyyətli nümayəndəsi, hüquqşünas kimi fəaliyyət göstərən Habil Fətəliyev və qeyriləri ilə birgə etdiyi bildirilir. İstintaqda 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməyə əsaslı şübhələr yarandığı qeyd edilir.

Buna da bax: 65 min manata ev alıb, qapı arxasında qalıb

C.Alışovun H.Fətəliyev və qeyrilərinin həmçinin, “Yüksəliş-C” MMC-nin Xətai rayonunda inşa etdiyi binadan 10 mənzili təkrarən 11 nəfərə satdığı bildirilir. Prokurorluq qeyd edir ki, onların həmin satışdan 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr var.

İş üzrə C.Alışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham elan edilib.

H.Fətəliyev isə dələduzluq və vəzifə saxtakarlığında ittiham olunur.

Prokurorluq hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini bildirir.

Prokurorluğun məlumatında adları çəkilən şəxslərin yaxınları və vəkillərindən, hələlik, ittihamlara münasibət almaq mümkün olmayıb. Açıqlamada sözü gedən şəxslərin ittihamları qəbul edib-etmədikləri bildirilmir.