Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb

Sərhəd

Dünən, dekabrın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirə keçirilib.

Bu barədə dekabrın 14-də DSX məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib. E.Quliyev vurğulayıb ki, bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər və məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib:

«Bundan başqa, xarici münaqişə zonalarında döyüşən 30 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib».

E.Quliyevin deməsinə görə, habelə dövlət sərhədini pozduqlarına görə 503 nəfər tutulub.

«Sərhədboyu rejim qaydalarını pozduqlarına görə də 12 min 241 nəfər, axtarışda olan 4 min 686 nəfər saxlanıb. 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556.6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb», - E.Quliyev vurğulayıb.