'Yarmarkalar açılır, qiymətlər düşmür...'-Media icmalı

Bazar

Rusiyada bəzi dairələrin separatizmə dəstək verməsi, paytaxtda qaz problemi və yarmarkalar açılsa da, bahalaşmanın davam etməsi medianın aparıcı mövzularındandır...

Qiymətləri diktə edən şərtlər...

«Yeni Müsavat» qəzetində «Kənd təsərrüfatı yarmarkaları marketlərə qarşı, qiymət fərqi niyə cüzidir…» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ucuzluq məqsədilə yarmarkalar təşkil edilsə də, oradakı qiymətlər bazar və marketlərlə müqayisədə o qədər də fərqlənmir.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, qiymət məsələsi bazarda tələb və təklifdən asılıdır:

«İndi Yeni il öncəsi tələbin artması ehtimalı yüksəkdir, məhsullarını yarmarkalara çıxaran fermerlər də gözləntilərə uyğun qiymət formalaşdırırlar. Çünki hər zaman Azərbaycanda bayram öncəsi qiymət artımı müşahidə olunur. İstər kənd təsərrüfatı, istərsə də sənaye istehsalı olan ərzaq məhsulları bahalaşır. Ona görə də, bu gözləntilər fonunda qiymətlər artır və fermerlər də onu aşağı çəkmək istəmirlər».

Ekspert qiymət artımına daha bir səbəb kimi fermerlərin xərclərinin artmasını göstərir:

«Odur ki, həmin xərcləri qarşılamaq üçün qiyməti artırmaq məcburiyyətindədirlər. Əgər ölkədə rəsmi inflyasiya 14 faizdirsə, 18 faizlik ümumi ərzaq inflyasiyası varsa, fermer də satdığı məhsulla əldə etdiyi pulu marketlərdə alış-veriş edib ailəsini dolandırmalıdır».

İqtisadçı vurğulayıb ki, qiymət artımının digər bir səbəbi fermerlərin birbaşa bazarlara çıxış imkanlarının məhdudluğudur. N.Cəfərlinin deməsinə görə, «bazar alverçiləri» də qiymətləri artırır.

İstilik

Qaz ölkəsində soyuqdan üşüyən ailələr...

«Bizim Yol» qəzetində «Bakıda 320 ailə qazsız qalıb» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 ünvanında yaşayan 320 ailə illərdir qazsız qalıb:

««Günəşli» MTK-nin inşa etdiyi binadan mənzil alan vətəndaşlarla bağlanan müqaviləyə görə, tikinti şirkəti qaz, su, kanalizasiya çəkilişi barədə öhdəlik götürsə də, vədinə əməl etmir. Vətəndaşların haqlı narazılığına səbəb olan bu hal dəfələrlə bina sakinlərinin etirazına səbəb olub. Qarşıdurmalar yaranıb...».

Sakinlər qəzetə bildiriblər ki, binanın qızdırılmasından ötrü mərkəzi istilik sisteminə qoşulmaq məqsədilə hər biri vəsait ödəyib. Onların demələrinə görə, mənzillər istiliklə təmin olunsa da, qaz balonlarının ümidinə qalıblar. 8 ay öncə isə problemin həlli məqsədilə «Azəriqaz» İstehsalat Birliyi ilə danışıqlar aparılaraq, podratçı təşkilat olaraq «VİP» təmir-tikinti şirkəti ilə müqavilə bağlanılıb.

Yazıda vurğulanır ki, bundan ötrü də hər bir vətəndaşdan 350 manat vəsait yığılıb. Amma indi də boru xətlərində problem olduğu bildirilir.

Müəllif yazır ki, artıq qış astananı kəsdirib. Sakinlər isə bu problemin nə vaxt çözüləcəyini bilmirlər.

Amma problemlər bununla da bitmir. Bütün bunlar azmış kimi, binanın «Azəriqaz» İstehsalat Birliyinə olan ötənilki borcuna görə mərkəzi istilik sisteminə qaz verilməsi də dayandırılıb. Yazıda bildirildiyinə görə, binanın kommunal sisteminə cavabdeh olan şəxsləri isə tapmaq müşkülə çevrilib.

V.Putin və İ.Əliyev

Azərbaycanın Rusiyadan gözləntisi

«Azərbaycan» qəzetində isə «Rusiya erməni lobbisinin əlində alətə çevrilməsinin fərqində olmalıdır» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, Rusiya və Azərbaycan arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb:

«Son illərdə isə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Ən əsası, hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini təsdiqləyib».

Yazıda vurğulanır ki, Azərbaycan beynəlxalq səviyyədə də daim Rusiyaya dəstək verib. Digər tərəfdən indinin özündə də Rusiyanın cənubunda, Şimali Qafqazda terror hadisələri, silahlı toqquşmalar baş verir. Müəllif hesab edir ki, Azərbaycan bu məsələdə də Rusiyaya daim dəstəyini əsirgəməyib:

«Hətta iki ölkə arasında ekstremist qüvvələrə qarşı birgə mübarizə sahəsində əməkdaşlıq da mövcuddur. Rusiya və Azərbaycan terrorizmin və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər».

Müəllif vurğulayır ki, amma eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək olmaz. Yazıda qeyd edilir ki, Rusiyadakı bəzi qüvvələr Azərbaycanda separatizmə dəstək verməyə çalışırlar...