ÜTT-nin konfransı başlanıb

Roberto Azevedo, arxiv fotosu

Ümumdünya Ticarət Təşkilatının (ÜTT- WTO) Argentinanın paytaxtı Buenos Ayresdə dörd günlük illik konfransı başlayıb.

Dekabrın 10-da 164 ölkədən 4 minədək hökumət təmsilçisi qurumun 11-ci nazirlər şurasına start veriblər. Konfrans dekabrın 13-də bitəcək.

ÜTT-nin baş katibi Roberto Acevedo konfransın açılışında deyib ki, iştirakçılar balıqçılıq, kənd təsərrüfatı, e-ticarət və digər sahələrdə razılaşmalarla bağlı danışıqlar aparacaqlar.

O, iştirakçılar arasında böyük fikir ayrılıqlarının qaldığını dilə gətirib, proteksionizmlə bağlı xəbərdarlıq edib.

Bu toplantıdan öncə Yaponiya və Avropa Birliyi genişmiqyaslı azad ticarət sazişini yekunlaşdırıblar. Bəzilərinin fikrincə, bu sənəd ABŞ prezidenti Donald Trump-ın “Öncə Amerika” strategiyasından doğan proteksionist siyasətə qarşı yönəlib.

Trump bu ilin yanvarında prezident postuna keçəndən ÜTT-nin ilk toplantısıdır.