Britaniyanın xarici işlər naziri Boris Johnson dekabrın 9-da İrana gedəcək və Tehranda həbs olunmuş iranlı Britaniya vətəndaşının azadlığa buraxılmasına çalışacaq.
Johnson-un idarəsi dekabrın 8-də yaydığı bəyanatda həbsdə olan humanitar yardım işçisi Nazanin Zaghari-Ratcliffe-nin adını çəkməyib. Ancaq bildirilir ki, nazir iranlı həmkarı Mohammad Javad Zarif-lə görüşündə İranda saxlanmış ikili vətəndaşlığı olan şəxslərin buraxılmasına çağıracaq.
Zaghari-Ratcliffe-yə İran hökumətini “yumşaq devirməyi” planlaşdırmaq ittihamıyla 5 illik həbs cəzası verilib. Ona təzəlikcə propaqanda ittihamları da irəli sürülüb və həbs cəzası 16 il artırıla bilər.
Zaghari-Ratcliffe Thomson Reuters Fondunun layihə meneceridir və ittihamları rədd edir.
Johnson ötən ay demişdi ki, Zaghari-Ratcliffe həbsindən öncə İranda “jurnalistlərə təlim keçib”. Tənqidçilər bu bəyanatın qadının həbs cəzasını artıra biləcəyini vurğulayırlar.
Johnson sonradan dediklərinə görə üzr istədi.