Tillerson-la Lavrov görüşməlidir

Rex Tillerson

Dekabrın 7-də ABŞ-ın dövlət katibi Rex Tillerson-un rusiyalı həmkarı Sergei Lavrov-la görüşü gözlənir. Görüş Vyanada ATƏT-in Nazirlər Şurasının illik toplantısı çərçivəsində baş tutmalıdır.

Tərəflərin Ukraynanın şərqinə silahlı BTM sülhməramlılarının göndərilməsiylə bağlı fikir ayrılıqlarını müzakirə edəcəkləri gözlənir. Məqsəd bu bölgədəki silahsız ATƏT müşahidəçilərinin işini gücləndirməkdir.

Moskvayla Vaşinqton BMT qüvvələrinin mandatıyla bağlı razılığa gələ bilmirlər.

Kreml deyir ki, BMT missiyasının Ukraynanın şərqindəki ATƏT müşahidəçilərini qorumaq səlahiyyəti olmalıdır. Bu bölgədə rusiyapərəst separatçılar hökumət qüvvələriylə vuruşur.

Qərb ölkələri isə ehtiyatlanırlar ki, Rusiya prezidenti Vladimir Putin bu qüvvələrin mandatını məhdudlaşdırmağa çalışır və istənilən atəşkəs separatçıların əldə etdiklərini sadəcə, möhkəmləndirəcək.

Tillerson deyir ki, Vaşinqton BMT qüvvələrinə əlavə sülhyaratma səlahiyyətinin verilməsini istəyir. Buraya bölgədəki separatçıların silahlarının alınması da aid ola bilər.

Dekabrın 6-da, iki günlük Vyana konfransından öncə Tillerson Brüsseldə, NATO-nun qərargahında deyib ki, “Rusiyanın Ukraynaya təcavüzü Avropanın təhlükəsizliyinə ən böyük hədə olaraq qalır”.