Moskva Şəhər Məhkəməsi teatr direktoru Kirill Serebrennikov-un ev dustaqlığının uzadılması barədə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Moskva Basman Məhkəməsinin oktyabrın 19-da çıxardığı qərarla Serebrennikov yanvarın 19-dək ev həbsində qalmalıdır.
Serebrennikov-un dələduzluq ittihamıyla saxlanması Rusiyada incəsənət aləmini sarsıdıb, ona beynəlxalq dəstəyin verilməsinə səbəb olub.
Moskvanın məşhur Gogol Teatrının 48 yaşlı direktoru 1 milyon dollarlıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Ancaq özü ittihamları absurd sayır.
Serebrennikov həm də tanınmış kinorejissordur.
Həbsindən öncə o, əfsanəvi sovet balet artisti, 1961-ci ildə Qərbə qaçmış Rudolf Nureyev haqqında balet səhnələşdirmək məsələsində Rusiyanın Mədəniyyət Nazirliyi ilə fikir ayrılığı yaşayıb.
Mədəniyyət naziri Vladimir Medinsky-nin fikrincə, belə bir tamaşa 2013-cü ildə qəbul olunmuş “gey təbliğatı” qanununu poza bilər.