Cəbhəçiyə 30 sutka həbs verildiyi deyilir

Namiq Sadıqlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, videobloqqer Namiq Sadıqlıya 30 sutka inzibatı həbs cəzasının verildiyi bildirilir.

Bu haqda AzadlıqRadiosu-na AXCP-dən bildiriblər.

Namiq Sadıqlı barədə həbs qərarını bu gün, dekabrın 1-i Nəsimi Rayon Məhkəməsinin verdiyi söylənir.

Onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilindiyi deyilir.

Buna da bax: G.Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'

Partiyadan həmçinin deyiblər ki, müdafiə tərəfi həbsdən şikayət verəcək. Çünki ittihamı qurama sayırlar.

Xatırlatma

Videobloqqer Namiq Sadıqlının noyabrın 30-u axşam saatlarında saxlandığı bildirilirdi. Onun məhkəməyə çıxarılanadək Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində tutulduğu bildirilirdi.

AXCP-nin məlumatında qeyd edilirdi ki, N.Sadıqlının özünün deməsinə görə, 5 nəfər mülkigeyimli şəxs evinə gələrək ona zor tətbiq ediblər. Verilən məlumata görə, baş verənlər ailənin, xüsusən də uşaqların möhkəm qorxmasına səbəb olub.

Deyilənlərə nə Nəsimi Rayon Polis İdarəsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Hazırda AXCP-nin 10-dan çox fəalı uzunmüddətli həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.