Bakıda 7-ci nazirlər konfransı keçirilir

Bakı

Dekabrın 1-i Bakıda «Asiyanın Qəlbi – İstanbul Prosesi» çərçivəsində «Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar» mövzusunda 7-ci nazirlər konfransı keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının dövlət başçısı Məhəmməd Əşrəf Qani konfransda iştirak edirlər.

Konfransda giriş sözlərini Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani söyləyib.

Daha sonra prezident İ.Əliyev çıxış edib.

Xatırlatma

«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib.

Əfqanıstana qonşu olan ölkələri (həm bilavasitə həmsərhəd ölkələri, həm də böyük regional oyunçuları) birləşdirən «İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə bu ölkədə vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.

«Asiyanın Qəlbi - İstanbul Prosesi»nə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.