«Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda görüşün keçirilməsi bu dövlətlərin bir-birinə inamından irəli gələn məsələdir».
Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün, noyabrın 30-u Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşünü belə dəyərləndirib.
H.Hacıyev bildirib ki, Azərbaycan üçtərəfli formatlarda iştirakda maraqlı olan dövlətdir. Digər tərəfdən, istər Türkiyə-Pakistan, istər Azərbaycan-Pakistan və istərsə də Azərbaycan-Türkiyə arasında isti münasibətlər mövcuddur:
«Elə həmin münasibətlərin də nəticəsi indi haqqında danışılan üçtərəfli formatın yaradılmasına səbəb olub. Bu formatda görüşlərin nəticələri həm bu ölkələrin, həm də bütünlükdə regionun xeyrinə olacaq».
Bu gün, noyabrın 30-da Bakıda İstanbul Prosesi çərçivəsində «Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar» mövzusunda VII nazirlər konfransının İşçi Qrupunun toplantısı keçiriləcək. Dekabrın 1-də isə nazirlər səviyyəsində konfrans olmalıdır.
«Asiyanın Qəlbi» - İstanbul Prosesinə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.
Adıçəkilən konfransın əsası 2011-ci ildə İstanbulda qoyulub, Azərbaycan isə bu prosesə 2012-ci ildən qoşulub.
Pakistan və Türkiyə xarici işlər nazirləri də bu çərçivədə Azərbaycana gəliblər. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin isə ayrıca görüşü nəzərdə tutulur.