ABŞ-dan Pxenyana daha bir xəbərdarlıq

Nikki Haley

Birləşmiş Ştatlar Şimali Koreyayla müharibə istəmir, ancaq Pxenyanın “davamlı təcavüz hərəkətləri” müharibəyə apararsa, “Şimali Koreya rejimi tamamilə dağılar”. Bu xəbərdarlığı ABŞ-ın BMT-dəki səfiri Nikki Haley edib.

Haley noyabrın 29-da axşam BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə toplantısında danışıb. Səfir deyib ki, Şimali Koreyanın son qitələrarası ballistik raket sınağı bütün ölkələrin Pxenyanla əlaqələri kəsməsinin vacibliyini gücləndirib. Pxenyan həmin raketin ABŞ-a da çata biləcəyini iddia edib.

Haley Pxenyanın ən böyük ticarət tərəfdaşı olan Çini qonşusuna neft təchizatını dayandırmağa çağırıb. “Şimali Koreya diktatoru dünən verdiyi qərarla bizi müharibəyə yaxınlaşdırır”, – o deyib.

Birləşmiş Ştatlar və Fransa Şimali Koreyaya yeni sanksiyalar qoymağa çağırırlar. ABŞ prezidenti Donald Trump da böyük sanksiyalarla hədələyib.