Ali Məhkəmə «Sabunçu olayları»nda həbs olunan Sahil Rzayev və digər 5 nəfərin kassasiya şikayətini rədd edib.
Məhkəmə prosesi haqda AzadlıqRadiosuna onların vəkillərindən Elçin Sadıqov məlumat verib. Vəkilin deməsinə görə, kassasiya şikayətinə S.Rzalı və digərlərinin iştirakı olmadan baxılıb.
Müdafiə tərəfi çıxışında adları çəkilən şəxslər barədə aşağı məhkəmələrin çıxardıqları qərarların qanunsuz və əsassız olduğunu bildiriblər. Vəkillər Ali Məhkəmədən xahiş edib ki, onlara bəraət verilməsini nəzərdə tutan qərar çıxarsın. E.Sadıqovun bildirməsinə görə, ancaq Ali Məhkəmənin Cinayət Kollegiyası bu tələbi rədd edib. Hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə heyəti aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb.
Dövlət qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov «Sabunçu olayları»na görə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.
Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün azadlıqdan məhrum edib.
Mayın 8-i Bakı Apellyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.
XATIRLATMA
2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, «Müsəlman Birliyi» Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Onların bəziləri iğtişaşlarda günahlandırılaraq həbs edilib.
Sabunçu olayları bir növ Nardaran olaylarının başlanğıcı sayılır.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə ictimai qaydanı pozma və hakimiyyət nümayəndəsinə müqavimət ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Bu yaxınlarda əlavə iki nəfərin məhkəməsi başlayıb.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onların deməsinə görə, heç silahları da olmayıb. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.
Bu yaxınlarda isə həbs edilənlərdən 18-i vaxtından əvvəl azadlığa buraxılıb. Onların bəzilərinin azadlığa çıxmasına sayılı günlər qalmışdı.