Livan lideri istefa verməklə hədələyir

Saad Hariri

Livanın baş naziri Saad al-Hariri noyabrın 27-də deyib ki, İranın müttəfiqi olan Hizballah qruplaşması Livanın neytrallıq siyasətini qəbul edib regional münaqişələrdən kənar durmasa, istefa verəcək.

Livanda hakim koalisiyanın tərkibində olan Hizballah Suriyada altı ildir gedən vətəndaş müharibəsində prezident Bashar al-Assad-ı dəstəkləyir. Qruplaşma bu yaxınlarda İraqa da yaraqlılar göndərib, İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasıyla savaşa yardım edir.

Fars körfəzindəki monarxiyalar bu şiə qruplaşmasını Yəməndə husi şiə yaraqlılarını, eləcə də Bəhreyndə şiə yaraqlıları dəstəkləməkdə də suçlayır. Ancaq Hizballah bu ittihamları danır.

“Hökumətimdə hansısa siyasi partiyanın ərəb ölkələrinə müdaxilə edərək digər ərəb ölkələrinə qarşı çıxmasını istəmirəm”, – Hariri Fransanın CNews televiziyasına müsahibəsində deyib.

Hariri-nin sözlərinə görə, Hizballah neytrallığı qəbul edərsə, baş nazir postunda qalmağa hazırdır, ancaq etməsə, o da vəzifədən gedəcək.

Hariri noyabrın 4-də Səudiyyə Ərəbistanında olarkən postundan istefa verdiyini açıqlayıb. Ancaq Livanın digər siyasi liderləri onun istefasını qəbul etməyib və o, vətənə dönməyə və onlarla dəyişiklikləri müzakirə etməyə razılaşıb.