Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix açıqlandı

Azərbaycan Beynəlxalq Bankı

Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlı tədbirlər yekun fazaya keçib.

APA-nın xəbərinə görə, bunu noyabrın 23-də «Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası» adlı II Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib. Onun bildirməsinə görə, bu il ərzində təxminən 4.3 mlrd. manat həcmində toksik aktiv «Aqrarkredit»ə ötürülüb:

«Bu proseslərdən sonra bankın sektordakı payı 41 faizdən 27 faizə düşüb. Mütləq ifadədə bu, təxminən 13 mlrd. manatdan 7 mlrd. manata qədər aşağı salınıb».

İ.Alışov vurğulayıb ki, Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq.

Toksik aktivlər ikinci bazarı olmadığına görə likvidliyini itirmiş aktivlərdir.

Toksik aktivlər satıla bilməz.

XATIRLATMA

Bu il Azərbaycan Beynəlxalq Bankı (ABB) 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.