Deputat: 'Bizdə qiymət qalxdısa, enməsi problemdir'

Yevda Abramov

Deputat Yevda Abramov ölkədə qiymətlərin artmasından narazılığını bildirib.

«Report»un xəbərinə görə, Y.Abramov bugün, noyabrın 22-si Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı narazılığını dilə gətirib:

«Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır. Amma neftin qiyməti artanda qiymətlər enmir. Bizdə qiymət qalxdısa, enməsi problemdir».

Y.Abramov deyib ki, Rusiya və Qazaxıstan kimi ölkələrdə strateji məhsullar ölkə rəhbərliyinin nəzarətində olur:

«Həmin məhsulların qiymətinin son həddini ölkə prezidenti təyin edir. Bununla da aztəminatlı vətəndaşların maddi rifahı qorunur. Təəssüflər olsun ki, bizdə belə deyil».

Parlamentdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi gedir. Layihəyə görə, növbəti il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edəcək.

Rəsmi statistikaya görə, bu ilin 10 ayında inflyasiya 14 faizə yaxın olub. Ərzaq malları isə 18 faizə yaxın bahalaşıb.