Çempion qızın ölümü: 'Bilsəydim, öz canımı ortaya qoyardım...'

Bakıda gəzdirməyə çıxardığı itlə birlikdə piyada zolağında yolu keçərkən avtomobillə vurulan gənc qızın görüntüləri bir xeyli müddət sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. Özəlliklə piyadanın keçid zolağında yüksək sürətlə vurulması etiraz doğururdu.

Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionu olan 22 yaşlı Reyhan Məmmədovanın öldüyü qəza ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar başa çatıb. Qəzanı törədən «BMW» markalı avtomobilin sürücüsü Əlifağa Məmmədova 7 il 6 ay həbs cəzası verilib.

Masallı sakini olan 55 yaşlı Ə.Məmmədov noyabrın 20-də ona hökm oxunmamışdan öncə son sözündə çox peşman olduğunu deyib və qarşı tərəfdən üzr istəyib.

«Bu hadisənin baş verəcəyini əvvəldən bilsəydim, inanın ki, öz canımı ortaya qoyardım. Mən 55 il yaşamışam, o isə cavan adam idi. Övlad itkisinin nə olduğunu bilirəm. Onları necə əzab-əziyyətlə böyüdürük... O qız dövlətimizi təmsil edib, bayrağımızı ucaldıb. O qədər peşmanam ki... Bütün yaxınlarından üzr istəyirəm. Məni bağışlayın», – Ə.Məmmədov son sözündə belə deyib.

Hadisə iyunun 28-də axşam saatlarında Xətai rayonu, Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağında baş verib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev bildirib ki, R.Məmmədovanın atası İlqar Məmmədov da bu sahə üzrə tanınmış idmançıdır.