Azərbaycan-Özbəkistan hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov (solda) və Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizov.

“Azərbaycanla Özbəkistan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub”.

Bu gün, noyabrın 16-sı Azərbaycana rəsmi səfər edən Özbəkistan müdafiə naziri Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən müdafiə naziri Zakir Həsənov belə deyib.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, nazirlər arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Z.Həsənov bölgədəki hərbi-siyasi vəziyyət haqda danışıb, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu vurğulayıb.

Buna da bax: İslam Karimov-un rəsmi tərcümeyi-halında düzəliş edilib

Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün möhkəmlənməsinə xidmət edəcəyini bildiriblər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda Azərbaycanla Özbəkistan arasında 2018-ci il üzrə ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Planın detalları, hələlik, açıqlanmır.