Hökumət 3 şikayətçiyə 30 min manat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 9 şikayətə baxılmasını yekunlaşdırıb.

Bu haqda məhkəmənin məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, şikayətlər üzrə qərar verilməyib. 3 şikayət üzrə şikayətçilər hökumətlə dostcasına razılığa gəliblər. 6 şikayətə baxış isə dayandırılıb.

Qeyd olunan şikayətlərin hamısı mülkiyyət hüququnun pozulması iddiaları ilə bağlıdır. Həmin iddialar üzrə yerli məhkəmələr qərar verib. Ancaq həmin qərarlar icra edilməyib. 9 şikayətçi qərarların icra edilməməsindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

«Rafiq İmanov Azərbaycana qarşı» işində hökumət Avropa Konvensiyasının 6-cı maddəsinin pozulduğunu iddia edən şikayətçinin iddialarını qəbul edib. Tərəflər razılığa gəlib. Azərbaycan hökuməti R.İmanova mənəvi zərərin əvəzi 3 min 600, vəkil xərclərinə görə isə 500 avro ödəməyi öhdəliyinə götürüb.

Sevil Allahverdiyevanın işində də hökumət şikayətçinin iddialarını qəbul edib. Hökumət bu işdə şikayətçiyə məhkəmə qərarının icra edilməməsi ilə dəyən mənəvi zərərə görə 3 min 600 avro ödəyəcək.

Üçüncü şikayətçi Nazim Qarayevin işində də tərəflər dostcasına həll yolunu seçiblər. Tərəflərin razılaşmasına əsasən, hökumət şikayətçiyə 3 ay ərzində maddi və mənəvi zərərin əvəzi olaraq 19 min Azərbaycan manatı ödəyəcək. Hökumət həmçinin öhdəlik götürüb ki, şikayətçinin iddiası üzrə yerli məhkəmələrin çıxardığı qərarların icrasını təmin edəcək.

Məhkəmə qərarlarının icra edilməməsindən AİHM-ə şikayət edən Akif Əzimovun, Məleykə Əhmədovanın, Çingiz Məmmədovun, Tahirə Şəfiyevanın, Sevil Əliyevanın Qərənfil Kazımovanın şikayətləri isə siyahıdan çıxarılıb.

AİHM-in məlumatında bildirilir ki, həmin işlər qəbuledilən hesab edilib. Ancaq adları çəkilən şikayətçilərə məktub göndərilsə də, onlar bu məktublara cavab verməyib.

Hazırda AİHM-də mülkiyyət hüququnun pozulması iddiası ilə bağlı Azərbaycandan göndərilən 100-dən çox işə baxıldığı bildirilir.