ABŞ səfiri Qubada

Robert Sekuta

ABŞ-ın Azərbaycanda səfiri Robert Sekuta bu gün, noyabrın 7-də Qubaya səfər edib.

Səfir səfər çərçivəsində Quba şəhəri yaxınlığındakı tarixi «Günbəz» hamamındakı təmir işləri ilə maraqlanıb.

Bundan sonra R.Sekuta Quba şəhəri yaxınlığındakı «İmam Cəfəri Sadiq» məscidini ziyarət edib.

Daha sonra isə səfir Qubadakı Qırmızıkənd qəsəbəsindəki yəhudi sinaqoquna baş çəkib.

R.Sekuta Qarabağ problemi ətrafındakı durumla bağlı jurnalistlərin suallarını da cavablandırıb:

«Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu yöndə addımların davamı gəlməlidir. Hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar. Bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir».

Daha sonra səfir Qubanın Alpan kəndinə yola düşüb.

Bu il oktyabrın 16-sı Azərbaycan və Ermənistan prezidentləri bir araya gələrək, Qarabağ münaqişəsini müzakirə ediblər. Müzakirədən sonra ATƏT-in Minsk qrupunun yaydığı bəyanatda bildirilib ki, tərəflər təmas xətti boyunca gərginliyi azaltmaqdan ötrü əlavə addımlar atmağa razılaşıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.