ABŞ prezidenti Donald Trump Yaponiyaya səfərinin ikinci günündə Vaşinqtonun bu ölkəylə ticari münasibətlərini sərt tənqid edib, onların “ədalətli və açıq olmadığını” bildirib.
“Ədalətli və açıq ticarət istəyirik, hazırda Yaponiyayla ticarətimiz ədalətli və açıq deyil”, – Trump noyabrın 6-da Tokioda biznes liderləriylə görüşdə deyib. Onun daha sonra baş nazir Shinzo Abe ilə görüşü planlaşdırılıb.
“Uzun illər Birləşmiş Ştatlar Yaponiyayla ticarət defisiti yaşayıb. Danışıqlar aparmalıyıq, bunu dostcasına edəcəyik”, – o söyləyib.
Trump onu da vurğulayıb ki, Yaponiyada istehsal olunmuş milyonlarla avtomobil ABŞ-da satılır, ancaq Yaponiyada ABŞ istehsallı çox az avtomobil satışa çıxarılır.
Prezident kampaniyası dövründə, eləcə də bu vəzifəyə keçəndən sonra Trump vaxtaşırı Birləşmiş Ştatların xarici ölkələrlə ticarət sazişlərindən gileylənib. O, həmin sazişlərinin çoxuyla bağlı yenidən danışıq aparmaq, yaxud onlardan çıxmaqla hədələyib, bu sazişlərin ABŞ-da iş yerlərini azaltdığını bildirib.