Noyabrın 3-də İslam Dövləti (İŞİD) ekstremist qruplaşması Nyu Yorkda səkkiz nəfəri öldürməkdə şübhəli bilinən şəxsi “xilafət əsgəri” adlandırıb.
Qruplaşma bu haqda özünün al-Naba həftəlik qəzetində bildirib. Məlumatı ABŞ-ın SITE Kəşfiyyat Qrupu yayıb.
Özbəkistandan 29 yaşlı mühacir Sayfullo Saipov-a terrorçuluq ittihamları irəli sürülüb. O, oktyabrın 31-də Nyu Yorkda icarəyə götürdüyü kiçik yük maşınını velosiped cığırında adamların üstünə sürməkdə ittiham olunur.
Prokurorların sözlərinə görə, Saipov İŞİD-dən ilhamlandığını, “hücumdan məmnun qaldığını” söyləyib.
İŞİD bu hücumun arxasında durmasına sübut göstərməyib. Qruplaşmanın bundan öncəki kütləvi qətllərə görə məsuliyyəti götürməsi də heç də həmişə dəlillə əsaslandırılmayıb.