Khamenei: “İran ABŞ-a dirəniş göstərməlidir”

Ayatollah Ali Khamenei, 2 noyabr, 2017-ci il

İranın ali lideri Ayatollah Ali Khamenei deyir ki, Birləşmiş Ştatlar İranın “əsas” düşmənidir və Tehran heç vaxt ABŞ-ın 2015-ci il nüvə sazişiylə bağlı təzyiqinə boyun əyməyəcək.

“Amerika sözün əsl mənasında əsas və yaman düşməndir”, – Khameni noyabrın 2-də bir qrup tələbəylə görüşündə deyib.

“Biz heç vaxt nüvə sazişiylə bağlı onların təhdidini qəbul etməyəcəyik”, – deyən İran lideri vurğulayıb ki, Birləşmiş Ştatlara qarşı dayanmaq İran üçün irəliyə yeganə yoldur.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Trump İranın sazişin tələblərinə əməl etməsinə zəmanət verməkdən imtina edib. Trump həmçinin İranı sazişin ruhunu pozmaqda suçlayıb.

Khamenei Trump administrasiyasını bu sazişin fəaliyyətini “pozmağa” çalışmaqda suçlayıb.

Noyabrın 4-də Tehrandakı ABŞ səfirliyinin tutulmasının ildönümüdür. 1979-cu ildə baş verən bu hadisədən sonra Vaşinqton İranla diplomatik münasibətləri pozub.