Bu ilin əvvəlində Ukraynanın Mariupol şəhərində yüksəkçinli təhlükəsizlik zabitini öldürməkdə şübhəli bilinən qadın həbs olunub. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasyl Hrytsak deyir.
Hrytsak oktyabrın 31-də bildirib ki, Donetskdən olan Yulia Prasolova Odessa liman şəhərində pasport əldə etməyə çalışarkən saxlanıb.
Hrytsak-ın sözlərinə görə, Prasolova Donetskdəki rusiyapərəst separatçılardan 15 min dollar alaraq polkovnik Oleksandr Kharaberyush-un avtomobilinə partlayıcı qurğu yerləşdirib. Polkovnikin maşını martın 31-də partlayıb.
Hökumətin nəzarətində olan Mariupol Ukrayna ordusuyla separatçıların döyüş xəttinin 30 kilometrliyində yerləşir.
2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 mindən çox insan həlak olub.