Azadliq.info-nun əməkdaşı atasının təhqir olunduğunu bildirir

Təzəxan Mirələmli

Təzəxan Mirələmli

Azadliq.info saytının əməkdaşı Təzəxan Mirələmlinin atası Məhərrəm Mirələmovun saxlandığı 2 Saylı Cəzaçəkmə Müəssisəsində təhqir olunduğu bildirilir.

Bu haqda T.Mirələmli özü bildirib. Onun deməsinə görə, atası öz işiylə bağlı nəzarətçiyə nəyi isə bildirmək istəyib:

«Amma bunun əvəzində 65 yaşlı şəxsi dustaqların önündə təhqir ediblər. Hesab edirəm ki, bu, təsadüfi deyil, bunun özü də mənə təzyiq vasitəsidir. İşdən çıxarılası bir kəsim qalmayıb, 2011-ci ildə oğlum həbs edilib, bundan 6 ay sonra atam narkotik satışı adı ilə şərlənərək həbsə alınıb. Odur ki, indi onlara həbsdə hər hansı təzyiq ilə mənə təsir etmək istəyirlər».

T.Mirələmli deyir ki, Milli Şuranın oktyabrın 28-də keçirilən mitinqi öncəsi ona müxtəlif telefonlardan zənglər olub. Amma bu zənglərə cavab verməyib.

T.Mirələmli hesab edir ki, azadliq.info saytında fəaliyyətinə görə həbsdəki yaxınlarına təzyiq göstərirlər. O, 2008-2015-ci illərdə AXCP Cəlilabad rayon təşkilatının sədri olub.

2011-ci ildə onun 7 saylı Cəlilabad şəhər məktəbində 8-ci sinifdə oxuyan oğlu Vasif Mirələmov bir məktəblini bıçaqla qətlə yetirib. O, təxribata çəkildiyini, bu əməli atasının siyasi əqidəsinə görə təhqir edilməsinə cavab olaraq törətdiyini açıqlamışdı. V.Mirələmov 2012-ci ilin fevralında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib .

2011-ci ilin oktyabrında isə T.Mirələmlinin atası Məhərrəm Mirələmov külli miqdarda narkotik satışı adı ilə həbs edilib. 2012-ci ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 13 il yarım müddətinə azadlıqdan məhrum olunub.

T.Mirələmlinin həbsdəki atasının təhqir olunması ilə bağlı dediklərinə hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.